Gündəlik qida rasionunda hansı nutrientlər üstünlük təşkil etməlidir?
Gündəlik qida rasionunda hansı nutrientlər üstünlük təşkil etməlidir?
Sağlamlıq üçün zəruri olan profilaktik tədbirlərdən ən əsası pəhrizdir. Pəhriz bir çox xəstəliklərə tuş gəlməmək üçün, eləcə də xəstəliklərin qarşısının alınmasında, onlarla mübarizədə ən yaxşı vasitədir. Məhz buna görə də həkimlər müalicə müddətində müəyyən dərmanların istifadəsi ilə yanaşı pəhrizə riayət olunmasını sağlamlıq üçün vacib hesab edirlər. Odur ki, qida rasionunu məhz pəhrizlə gücləndirmək tövsiyə olunur.
Təbiidir ki, gündəlik qida rasionu vitamin, mineral və antioksidantlarla zəngin qidalarla (super qidalar) gücləndirilməlidir.
Buna görə də gündəlik qida rasionunda super qidalara üstünlük verilməsi tövsiyə olunur. Bu qidaların istehlakı sağlamlıq üçün olduqca vacib və əhəmiyyətlidir.
Çünki super qidaların tərkibindəkilər bir çox xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Vitamin, mineral və antioksidantlarla zəngin olan qidalar ən başlısacı immuniteti gücləndirir

Gündəlik qida rasionunda istehlakı təkidlə tövsiyə olunan qidalar aşağıdakılardır:
- Yaşıl yarpaqlı tərəvəzlər - kələm, ispanaq, brokoli, çuğundur yarpaqları, collard yarpaqları və digərləri. Bu qidalar A, C, E, K və B vitaminləri ilə, eləcə də karotenoid, dəmir, maqnezium, kalium və kalsiumla zəngindir.
- Giləmeyvələr - çiyələk, böyürtkən, qaragilə, quşüzümü, moruq, gilas, albalı və s. Bunlar da vitaminlərlə zəngindir. Bu giləmeyvələr qaraciyər və böyrəklər üçün olduqca faydalıdır. Onlardan təbabətdə diabet və yüksək qan təzyiqinə qarşı istifadə olunur. Eyni zamanda, giləmeyvələr ürək üçün çox vacib qidalardan sayılır, məhz buna görə də həkimlər ürək xəstəliyinə qarşı pəhriz zamanı bu qidalara üstünlük verilməsini tövsiyə edirlər.
- Üzüm də gündəlik qida rasionunda istehlakı tövsiyə olunan qidalardandır. Onun qabığında polifenol tərkibli resveratrol var ki, bu da ürək və damarın fəaliyyəti üçün olduqca vacibdir. Məhz bu tərkibə görə üzüm yaddaş xəstəliyi ilə mübarizədə istifadə olunur. Üzüm həm də tərkibindəki maddəyə görə qanda qlükozanın miqdarını artıra bilir.
- Yumurta xolin, selenium, dəmir, fosfor, protein, A və B vitaminləri ilə zəngindir. Yumurta zeaksantin və lutein kimi iki güclü antioksidant mənbəyidir.
- Paxlalılar sinfinə aid olan paxla, soya, mərci, noxud, yerfıstığı və s. gündəlik qida rasionunda olmalıdır. Çünki onlar müxtəlif qida maddələri ilə çox zəngindir.
- Çərəzlər və toxumlar - badam, qoz, fındıq, günəbaxan, balqabaq, kətan toxumu və s. gündəlik qida rasionundan əskik olmamalıdır. Çünki onların tərkibi lif və zülallarla zəngindir. Bu qidalar həmçinin antioksidant xüsusiyyətə malikdir.
- Kefirin tərkibi zülal, kalsium, kalium, B vitamini və probiotiklərlə zəngindir. Bu da insan orqanizmi üçün zəruri sayılır. O, qan təzyiqinin normal saxlanması, həzm prosesinin yaxşılaşdırılması üçün çox faydalıdır.
- Sarımsaq vitamin C və B6 ilə zəngindir. O, həmçinin lif mənbəyidir. Buna görə də xolesterini azaltmaq, qan təzyiqini nizamlamaq və immun sistemini gücləndirmək üçün böyük rola malikdir.
- Qızılbalığın tərkibi faydalı maddələrlə zəngindir. Onun tərkibində yağlar, zülallar, B vitamini, kalium və selenium var. Həmçinin bu balıq “Omeqa-3” ilə zəngindir. Gündəlik qida rasionunda balığın olması çox faydalıdır.
- Avokado da gündəlik qida rasionunda olması vacib sayılan qidalardandır. Çünki o, vitamin və minerallar, lif və yağlarla zəngindir. Onun tərkibində oleik turşusu var ki, bu da iltihabla mübarizədə mühüm rola malikdir.
- Şirin kartofun tərkibində kalium, lif, A və C vitaminləri mövcuddur. O, antioksidant xüsusiyyətlərə malikdir, çünki karotinoidlərin mənbəyidir.





