Qadın sağlamlığının qorunması
Qadın sağlamlığının qorunması
Dünyanın bir çox ölkələrində qadın sağlamlığının qorunması ilə bağlı əlamətdar günlər qeyd olunur, tədbirlər keçirilir və maarifləndirmə kampaniyaları aparılır.
Təbii ki, burada məqsəd qadınlara sağlamlığının qeydinə qalmağın, vaxtında profilaktik müayinələrdən keçməyin və sağlam həyat tərzi prinsiplərinə riayət etməyin nə qədər vacib olduğunu aşılamaqdır. Axı sağlamlıq bəşəriyyətin əsas dəyərlərindən biridir.
Qadın sağlamlığı qadınların fiziki, psixoloji və sosial ehtiyaclarına diqqət yetirir. Ailə və cəmiyyətdən yaranan psixo-sosial amillər, səhiyyə xidmətlərinin keyfiyyəti, cinsiyyət, qadının fərdi sağlamlıq vəziyyəti, məhsuldarlıq davranışı, təhsil və məşğulluq kimi bir çox amillər qadınların sağlamlığına təsir göstərir. Sağlam cəmiyyətin möhkəm təməlini ancaq qadınların sağlamlığının yaxşılaşdırılması ilə yaratmaq olar. Qadın sağlamlığının yaxşılaşdırılmasında qadınların cəmiyyətdə vəziyyətini və sağlamlığını müsbət mənada artıran sosial layihələr və strategiyalar da yer almalıdır.
Bununla bağlı inkişaf etdirilə biləcək əsas strategiyalar:
- sağlam şəraitdə mamalıq təcrübəsinin təmin edilməsi;
- təhsil səviyyəsinin yüksəldilməsi;
- ixtisaslı işçi qüvvəsi imkanlarının təmin edilməsi;
- hər sahədə kişi və qadınlar arasında bərabərliyin təmin edilməsi;
- qadınların sağlamlıq vəziyyətinin yoxlanılmasının dəstəklənməsidir.
Cəmiyyətdə qadınların fərdi sağlamlıq şüurunun artırılması, qadınlara sağlam və keyfiyyətli həyat öyrədilməsi lazımdır. Bu kontekstdə tibb mütəxəssisləri xəstəlik halında qadınların sağlamlığını yaxşılaşdırmaq, qorumaq, müalicə etmək və qorumaqdan məsuldur və onlar yeni situasiyalara uyğun olaraq sağlamlıq strategiyalarının hazırlanmasında da rol oynayırlar.
Qadınların sağlamlıq ehtiyacları həyatlarının müxtəlif mərhələlərində çox dəyişir. Buna görə də mütəmadi olaraq, həkim müayinələrindən keçmək zərurəti yaranır. Qadın sağlamlığının qorunması dedikdə təkcə qadın cinsinə aid xəstəliklərin müalicəsi və aradan qaldırılmasından söhbət getmir. Burada həm də qadınların həm fiziki, həm də psixi sağlamlığı ifadə olunur.
Sağlam reproduktiv sistem hər bir qadının həyatında mühüm rol oynayır. Təəssüf ki, bu cinsin bütün nümayəndələri qadın sağlamlığını qorumaq üçün lazımi biliklərə malik deyillər.
Qadın sağlamlığının qorunmasına hələ uşaqlıq, yeniyetməlik və gənclik dövrlərindən başlamaq lazımdır. Çünki qadın həm də anadır. Qadın sağlamlığı dünyaya gətirdiyi körpənin də sağlamlığında birbaşa və mühüm rol oynayır. Bir çox hallarda qadın sağlamlığının qorunmaması ana ölümlərinə səbəb olur.
Məlumat üçün bildirək ki, rəsmi statistik hesabata əsasən, ölkəmizdə 2018-2022-ci illərdə 96 ana ölümü qeydə alınıb. 2021-ci illə müqayisədə 2022-ci ildə ana ölümləri nisbəti 17.8-dən 14.7-yə düşüb.
Ümumdünya Səhiyyə Təşkilatının da qadın sağlamlığının qorunmasından bəhs edən məruzələri, statistikaları, hesabatları mütəmadi olaraq dərc olunur. ÜST-nin hesabatına görə, dünyada hər iki dəqiqədən bir qadın doğuş zamanı və ya hamiləlik zamanı ölür. Bunun son illərdə ciddi narahatlıq doğuran tendensiya olduğu bildirilir. Hesabatda qeyd edilir ki, təkcə 2020-ci ildə dünyada təxminən 287 min ana ölümü baş verib.
Ölümün əsas səbəbləri kimi güclü qanaxma, yüksək qan təzyiqi, hamiləliklə bağlı infeksiyalar, təhlükəli abortdan yaranan fəsadlar və hamiləlik zamanı ağırlaşa bilən əlavə xəstəliklər (HİV/QİÇS və malyariya) göstərilib.
Odur ki, qadın sağlamlığının qorunması bəşəriyyət üçün ən vacib və prioritet məsələlərdən hesab edilməlidir.
"Qadın sağlamlığı" anlayışı genitouriya sisteminin koordinasiyalı işləməsini əhatə edir. Bu, bədənin fiziki və psixo-emosional vəziyyətinə birbaşa təsir göstərir. Reproduktiv və sidik sistemlərinin orqanları infeksiyaya və iltihablı xəstəliklərin inkişafı riskinə ən çox məruz qalır və buna görə də ciddi diqqət və qayğı tələb edir.
Reproduktiv sağlamlıq dövlətin sosial-iqtisadi siyasətinin səmərəliliyinin meyarıdır, çünki həyatın bütün mərhələlərində insan sağlamlığı onun səviyyəsindən asılıdır. Aşağı doğum səviyyəsi və əhalinin ümumi ölüm səviyyəsinin yüksək olduğu şəraitdə reproduktiv sağlamlıq problemi milli təhlükəsizlik faktoruna çevrilir.
Qadın sağlamlığını qorumaq üçün həkimlər aşağıdakıları tövsiyə edir:
- sağlam həyat tərzi sürmək və pis vərdişlərdən imtina etmək;
- pəhriz saxlamaq və idmanla məşğul olmaq;
- müntəzəm profilaktik müayinələrdən keçmək;
- düzgün yuxu və şəxsi gigiyena qaydalarının tələblərinə əməl etmək;
- stresdən və emosional yüklənmədən qaçmaq.
Ginekoloji xəstəliklərdən qorunmaq və keyfiyyətli həyat sürmək üçün bu mövzuda şüurlu olmaq və mütəmadi olaraq ginekoloji müayinələrdən keçmək böyük əhəmiyyət kəsb edir. Xüsusilə ildə bir dəfə aparılan ginekoloji müayinə və onu müşayiət edən müayinələr bir çox ciddi xəstəliklərin, xüsusilə də qadın xərçənginin erkən diaqnozuna imkan yaradır.

Aşağıdakı tövsiyələr isə qadın sağlamlığının qorunması üçün zəruri profilaktik tədbirlər kimi qeyd olunub.
- Mütəxəssislər deyir ki, 20 yaşdan sonra ayda bir dəfə döş müayinəsi vacibdir. Hər hansı bir palpasiya olunan kütlə və ya anormal vəziyyət zamanı gecikmədən həkimə müraciət edilməlidir. Döş müayinələri həyat boyu müntəzəm olaraq aparılmalıdır. Xüsusilə genetik olaraq irsi ola bilən döş xərçəngində erkən diaqnozla yüz faizə yaxın müsbət nəticə əldə edilə bilər.
- Uşaqlıq və uşaqlıq boynu xərçəngləri qadınların həyat keyfiyyətini və müddətini azaldan mühüm sağlamlıq problemləridir. Qadınlarda 40 yaşdan sonra risk artır. Gec menopoz, hipertoniya, şəkərli diabet, piylənmə, erkən yetkinlik və ovulyasiyanın olmaması və tək estrogen dərmanlarının qəbulu uşaqlıq xərçəngi üçün risk faktorları hesab edilə bilər. Erkən cinsi əlaqə, QİÇS və HPV kimi cinsi yolla keçən xəstəliklər, siqaret çəkmək uşaqlıq boynu xərçəngi üçün risk faktorları arasındadır.
- Cinsi fəaliyyət başladıqdan və ya hər bir qadın 18 yaşına çatdıqdan sonra ildə bir dəfə mütəxəssisə müraciət etməlidir. Yumurtalıqların müayinəsi qadın xərçənginin bəzi növlərinin erkən diaqnozu üçün çox vacibdir. Yaxma testində uşaqlıq boynuna tətbiq olunan kiçik bir fırçanın köməyi ilə alınan hüceyrələr araşdırılır. Bu test sayəsində uşaqlıq boynu xərçəngi erkən mərhələdə aşkarlana bilir.
- 18 yaşdan sonra mütəmadi olaraq təzyiq ölçülməli, yüksək və ya aşağı təzyiq problemi varsa, mütəxəssis nəzarəti altında lazımi ehtiyat tədbirləri görülməlidir.
- Qadınlar 30 yaşından sonra qan şəkərini mütəmadi olaraq yoxlamalıdırlar. Xüsusilə ailədə şəkər xəstəliyi varsa, həkim müayinələri və qan şəkərinin ölçülməsinə laqeyd yanaşılmamalıdır.
- 45 yaşından sonra qadınlarda skrininq məqsədi ilə xolesterin səviyyəsi, ailədə ürək xəstəliyi riski varsa, 25 yaşından sonra ölçülməlidir.
- Qadınlarda yaşın artması osteoporoz riskini də gətirə bilər. Bu vəziyyət hərəkətliliyin məhdudlaşdırılmasından sınıqlara qədər dəyişə bilər. Sağlam qadınlarda sümük sıxlığının ölçülməsi menopoz zamanı, osteoporoz riski olan xüsusi qruplarda isə daha erkən yaşlarda edilə bilər.
- İrəli yaş və ətraf mühit faktorları göz və qulaq sağlamlığına mənfi təsir göstərə bilər. Göz müayinəsi 18 yaşından sonra 2 ildən bir, eşitmə müayinəsi 10 ildən bir, 50 yaşından sonra isə 3 ildən bir aparılmalıdır.
Bütün bunlar tibb mütəxəssislərinin təkidli tövsiyələridir, onlara əməl etmək isə bəşəriyyətin rifahı naminə qadın sağlamlığının qorunması üçündür.





