Yay mövsümü üçün xarakterik olan xəstəliklər: özümüzü necə qoruyaq?
Yay mövsümü üçün xarakterik olan xəstəliklər: özümüzü necə qoruyaq?
Yay mövsümü ilə əlaqədar olaraq, həm böyüklərdə, həm də uşaqlarda bir sıra xəstəliklərə rast gəlinir.
Nutrient.az saytı xəbər verir ki, bəzi hallarda yay tətilinə yollananlar gözləmədikləri halda yeni xəstəliyə tutulurlar.
Bu həm də o deməkdir ki, soyuqdəymə və viruslu xəstəliklər təkcə qış aylarında deyil, ilin bütün fəsilləri üçün xarakterikdir.
Günvurma
Yay mövsümündə tez-tez günvurma hallarına rast gəlinir. Havanın yüksək hərarəti nəticəsində yaranan günvurma orqanizmdə müəyyən fəsadlara gətirib çıxarır. Günvurma nəticəsində bədənin hərarəti artdığından orqanizmdə funksionallıq itə, ciddi və təhlükəli vəziyyət yarana bilər. Hansı yaş dövründən asılı olmayaraq, təsirlərini göstərən bu xəstəliyin bir sıra əlamətləri mövcuddur. Bu əlamətlərə zəiflik, qızarmış sifət, başağrı, başgicəllənmə, sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması, təngnəfəslik və nəbzin tezləşməsini missal göstərmək olar. Odur ki, qızmar günəşli hava şəraitinin hökm sürdüyü yay aylarında 12.00-17.00 aralığında açıq hava məkanına çıxmaq və işləmək tövsiyə olunmur. Çünki məhz bu saat aralığında günvurma ehtimalı daha yüksək səviyyəyə çatır.
Soyuqdəymə
Qeyd etdiyimiz kimi, soyuqdəymə təkcə qış ayları üçün xarakterik olan xəstəlik deyil. Buna yay aylarında da rast gəlinir. Çünki, bəzi viruslar və digər bakteriyalar Günəşin həddindən artıq yayılan istisi altında inkişaf edir və bu da infeksiyaya yoluxma riskini artırır. Mikroblar hər yerdə mövcuddur, amma düzgün gigiyena qaydalarına əməl etdikdə, ondan yayınmaq da mümkündür.
Soyuqdəymə yuxarı tənəffüs yollarının infeksiyalarından sayılır və bu, geniş yayılmış viral infeksiyalardandır. Xəstəlik immunitetdən asılı olaraq orqanizmdə müxtəlif formada təzahür edə bilər. Amma ümumilikdə əlamətlərinə burun axıntısı, asqırmaq, öskürək, boğaz ağrısı, baş ağrısı, ümumi yorğunluq və yüngül qızdırma daxildir.
Odur ki, özündə soyuqdəymənin əlamətlərini müşahidə edən şəxs dərhal özünütəcrid qaydalarına riayət etməli və infeksiyanın digər şəxslərə keçməsini əngəlləməlidir. Bunun üçün tibbi maskadan istifadə vacibdir. Öskürərkən və asqırarkən hava damcı yolu ilə xəstəliyin daha geniş yayılmaması üçün profilaktik tədbirlər görülməlidir.
Günəş yanığı və ya dəri xəstəlikləri
Bütün günü qızmar Günəşin altında dayanmaq və ya işləmək bədəndə zərərli yanıqlara səbəb ola bilər. Bu zaman insan ilk bir neçə saat ərzində bunu hiss etməyə bilər, lakin dərinin intensiv günəş şüalarının təsirinə məruz qalması sonradan özünü büruzə verəcək. Odur ki, yay ayları üçün xarakterik olan bu halla üzləşəmək üçün hava şəraitinə uyğun davranmaq lazımdır. Eyni zamanda, dəridə meydana gələn hər hansısa dəyişikliklər baş verdiyi təqdirdə həkimə müraciət etmək tövsiyə olunur. Həkim məsləhəti olmadan hansısa nəmləndirici kremlərdən istifadə sonradan digər fəsadlara səbəb ola bilər.
İshal
Bəzi bakteriyalar yay mövsümündə həddindən artıq istiyə məruz qaldıqda inkişaf edir. Buna görə də, qida maddələri daha çox risk altındadır və istehlak edildikdə mədədə mənfi reaksiyaya səbəb ola bilər. Yay aylarında tətildə, səyahətdə olanlar adətən fasd-food yeməklərinə çox üstünlük verirlər. Bu qidalar isə mədədə müəyyən narahatlıq yarada bilir. Ekzotik yeməklər mədədə yüksək turşuluğa səbəb ola bilər və bu da mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnə bilər. Odur ki, yay aylarında bu mövsümə uyğun qidalardan istifadəyə üstünlük verilməlidir.
İstinin yaratdığı sızanaqlar
Sızanaqlar bütün il boyu görünə bilər, lakin daha isti temperatur sızanaqlara səbəb olan həddindən artıq yağ yığılmasına şərait yaradır. Çünkiə, sızanaqlar dərinin yağ və ya bakteriya ilə tıxandığı zaman yaranır. Sızanaqları barmaqlar vasitəsilə yox etməyə çalışmağın isə heç bir xeyri olmur, çünki bu dəri infeksiyasına səbəb ola bilər. Odur ki, dəridə qeyri-adi yaralar müşahidə olunduğu zaman dermatoloqa müraciət etmək tövsiyə olunur.
Unutmayın ki, hər hansı bir dərman, hətta vitaminlər qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.





