Qida dözümsüzlüyü

Qida dözümsüzlüyü
5 2024 12:23

Qida dözümsüzlüyü

Qida dözümsüzlüyü nədir?

Qida dözümsüzlüyü həzm sisteminə təsir edən faktorlardan biridir. Qida dözümsüzlüyü olan insanların həzm sistemində narahatlıqlar - qaz, ishal və digər problemlər olur. Bu isə həyati təhlükə olmasa da, diskomfort durumun yaranmasına gətirib çıxarır.
Qidaya qarşı dözümsüzlük nədir?
Qidaya qarşı dözümsüzlüyünüz varsa, bu o deməkdir ki, həzm sisteminiz qidanı həzm etməkdə (parçalamaqda) çətinlik çəkir. Qida dözümsüzlüyünü başqa cür qida həssaslığı da adlandırmaq olar.
Qida dözümsüzlüyü o deməkdir ki, bu problemlə üzləşən insanların bağırsaqları müəyyən qidalara həssasdır və onlara dözə bilmir. Ona görə də bu qidalar yeyilən zaman qaz, ishal və qarın ağrısı kimi xoşagəlməz simptomlar yarana bilər.
Qida dözümsüzlüyü ilə qida allergiyası arasındakı fərq nədir?
Qidaya qarşı dözümsüzlük və ya qida həssaslığı qida allergiyası ilə eyni deyil.
Qidaya qarşı dözümsüzlük:

  • Həzm sisteminə təsir edir.
  • Həzm sistemi müəyyən qidaları parçalaya bilmədikdə baş verir.
  • Həyat üçün təhlükə yaratmayan mədə pozğunluğu kimi simptomlara səbəb olur.

Yeməkdən sonra bir neçə saat ərzində istehlak edilən qida həzm traktından keçərkən simptomlar ortaya çıxır. Yalnız az miqdarda yemək yedikdə, simptomlara səbəb olmaya bilər.
Qida allergiyası isə immunitet sisteminə təsir edir. Bu da immunitet sisteminin qidanın zülalını və ya digər tərkib hissəsini təhlükə olaraq səhv salması nəticəsində baş verir. İmmunitet sistemi təhlükə ilə mübarizə aparmaq üçün immunoqlobulin E (IgE) adlı antikorları (zülallar) buraxır.
Bu isə şişkinlik, nəfəs darlığı və ya təngnəfəslik kimi allergik reaksiyaya səbəb olur. Allergiyaya səbəb olan az miqdarda qida qəbul etdikdən sonra bir neçə dəqiqə ərzində simptomlar ortaya çıxır. Bu, sonda anafilaksi adlanan ağır, həyati təhlükəsi olan reaksiyaya səbəb ola bilər. 
Qida dözümsüzlüyünə nə səbəb olur?
Qida dözümsüzlüyü olan insanlar tez-tez həzm sisteminin müəyyən bir qida və ya tərkib hissəsini parçalamaq üçün lazım olan müəyyən bir fermenti kifayət qədər istehsal etmirlər. Ona görə də mədə-bağırsaq xəstəlikləri olan insanların orqanizmi qida həssaslığına daha çox meylli edə bilər. 
Qida dözümsüzlüyünün əlamətləri hansılardır?
Qida dözümsüzlüyünün simptomlarına aşağıdakılar daxildir:

  • Qarın ağrısı.
  • İshal.
  • Qaz və şişkinlik.
  • Baş ağrısı və ya miqren.
  • Ürək yanması.
  • Ürəkbulanma.

Qidaya qarşı dözümsüzlük necə idarə və ya müalicə olunur?
Bunun üçün ilk növbədə problemli qidaları qida rasionundan çıxarmaq və pəhriz saxlamaq lazımdır.
Qida dözümsüzlüyü ömür boyu davam edir. Əksər insanlar həzm problemlərinə səbəb olan qidaları azaltsalar və ya kəssələr simptomları idarə edə bilərlər. Qidaya qarşı dözümsüzlük bir narahatlıq ola bilər, lakin qida allergiyası kimi həyati təhlükəsi olan bir problem deyil.
Amma bununla yanaşı həddindən artıq qarın ağrısı və ya ishal, qidaya kəskin reaksiya və səbəbsiz kilo itkisi ilə üzləşən şəxslər dərhal həkimə müraciət etməlidirlər.
Qidaya qarşı dözümsüzlüyü olan insanlarda, adətən həmin qidaları yedikdən bir neçə saat sonra simptomlar yaranır. Simptomlar bir neçə saat və ya gün davam edə bilər.
Qeyd olunduğu kimi, qida dözümsüzlüyünün səbəbləri qidaya qarşı dözümsüzlük, insan orqanizminin müəyyən bir qidanı və ya qidanın tərkib hissəsini həzm edə bilməməsi ilə əlaqədardır.
Ən çox görülən qida intoleransı laktoza qarşı dözümsüzlükdür. Bu, orqanizmin əsasən süd və pendir və qatıq kimi ağartı məhsullarındakı bir növ şəkər olan laktozu həzm edə bilmədiyi zaman baş verir. 
Odur ki, qida dözümsüzlüyünü müəyyənləşdirmək üçün həkimə müraciət etmək və yalnız müəyyən analizlərdən keçmək tövsiyə olunur. Amma buna qədər və hətta davamlı olaraq, qida rasionuna xüsusi diqqət yetirmək və pəhriz saxlamaq əsas şərtlərdəndir.

Paylaş: