Adı:
Vitamin D
Elmi adı:
Kalsiferol
İnsan orqanizmində rolu
D vitamini kalsiferol kimi də tanınır. Yağda həll olan vitaminlərdən biridir. Həzm sistemində kalsium və fosforun istifadəsi və udulması, xüsusilə uşaqlarda böyümə üçün vacibdir.
Bədəni əzələ zəifliyindən qoruyur;
ürək döyüntüsünü tənzimləməkdə təsirli olur;
immunitet sistemini gücləndirir;
qalxanabənzər vəzin funksiyaları və normal qanın laxtalanması üçün lazımdır.
Vitamin D həzm sistemindən kalsiumun udulmasını artırır və sümüklərdə kalsiumun çökməsinə kömək edir. O, kalsiumun udulmasını və aktiv daşınmasını sürətləndirir. Xüsusilə bağırsaq toxumalarında epitel hüceyrələrində kalsiumun udulmasına kömək edən kalsium bağlayıcı zülalların əmələ gəlməsini artırır. Bədənə provitamin-D şəklində qida ilə daxil olur. Günəş işığının təsiri ilə dəridə D vitamininə çevrilir. Bu vitamin bağırsaqda kalsium və fosforun sorulması və onların orqanizmdə istifadəsi üçün vacibdir. Kalsiumun çökməsi ilə güclü sümüklər və dişlər yaranır.
D vitamini D2 və D3 olaraq iki növə ayrılır və qaraciyər və böyrəklərdə daha təsirli kimyəvi maddələrə çevrilir.
Vitamin D və D3 nə üçün vacibdir?
Vitamin D kalsium-fosfor metabolizminin tənzimlənməsində, sinir və ürək-damar sisteminin funksiyalarının qorunmasında vacib rol oynayır. Həmçinin immuniteti gücləndirici, iltihab əleyhinə və antioksidant təsirləri vardır. Vitamin D səviyyəsinin normal olduğu şəxslərdə respirator infeksiyalara yoluxma nisbəti azdır.
Uzun müddət kifayət qədər Vitamin D qəbul edilmədikdə, kalsium və fosforun bağırsaqlardan sorulması azalır. Bu, yetişkinlərdə osteomalasiya (sümüklərin yumşalması), uşaqlarda isə raxitlik inkişafına səbəb olur. Bu patologiyalar sümüklərin tez-tez qırılması, deformasiyası və ağrılar ilə müşayiət olunur.
Kalsium və fosfor çatışmazlığı əzələ zəifləməsi, narahatlıq və ürək aritmiyası kimi simptomlara da səbəb olur. Kalsium və fosfora əlavə olaraq, maqnezium da sümüklərin formalaşmasında rol oynayır. Əzələ yığılması, sinir impulslarının ötürülməsi və enerji sintezi kimi funksiyaları da vardır. Maqnezium çatışmazlığı sinir-əzələ ötürmələrinin artmasına, qıcolmalara və depresiyaya səbəb olur. Bu hallar kalsium çatışmazlığı fonunda daha da şiddətlənir. Buna görə kalsium-maqnezium-fosfor metabolizminin düzgün işləməsi üçün D vitamininin miqdarının təyin olunması vacibdir.
Vitamin D çatışmazlığının səbəbləri
- D vitamini ilə zəngin qidaların azlığı
- D vitamininin metabolizmasındakı problemlər
- Genetik xəstəliklər
- Günəş işığında kifayət qədər vaxt keçirməmək
Vitamin D çatışmazlığı zamanı nə baş verir?
Kifayət qədər günəş işığı almamaq və təbii qidalarda az miqdarda D vitamini olması çatışmazlığa səbəb olur. Bu zaman yaranan patologiyalara aşağıdakılar daxildir:
- Osteomalasiya adlanan yetkinlik dövründə yaranan sümük xəstəliyi
- Sümük və əzələ ağrıları, sümüklərin tez-tez qırılması
- Körpələrdə və uşaqlarda əzələ zəifliyi və sümük deformasiyası ilə nəticələnən raxitlik
- Sümük metabolizminin inkişaf etməməsi
- İmmunitetin zəifləməsi və xəstəliklərə qarşı müqavimətin azalması
- Artıq çəki
- Yuxu pozğunluqları
- Alzheimer xəstəliyinin yaranması
- Gün ərzində xroniki yorğunluq
Yuxarıda qeyd olunanlardan əlavə, sümük əriməsi, şəkər və ürək xəstəlikləri kimi patologiyalara da səbəb olur.
Hamiləlik və Vitamin D
Hamiləlik dövründə ana və uşaq üçün D vitamininin istifadəsi çox vacibdir. Ana bətnində olan körpə kalsium ehtiyatını anadan alır. Buna görə də, ananın hamiləlik və əmizdirmə dövrlərində kalsium balansını təmin etməsi üçün kifayət qədər D vitamini qəbul etməsi vacibdir. D vitamini çatışmazlığı olan ananın uşağında sümüklərin yumşalması və zəifləməsi müşahidə olunur. Körpələrdə əzələ zəifliyi, əmgəyin gec bağlanması, dişlərin gec çıxması da D vitamini çatışmazlığının işarəsidir. Hamiləlik zamanı D vitamini çatışmazlığı hamiləlik zəhərlənməsi (preeklampsiya) riskini artırır.
Hamiləliyin 12-ci həftəsindən etibarən, həkim nəzarəti ilə D vitamini əlavəsi istifadəsi, əmizdirmə dövrünün 6-cı ayına qədər davam etdirilməlidir.
|